Fevralın 8-də Parisdə UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 15-ci sessiyası onlayn formatda işə başlayıb. Sessiyada ölkəmizi Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi təmsil edir.

Sessiyada Hökumətlərarası Komitənin 2022-2023-cü illər üçün iş planına dair qərar qəbul olunacaq, dövri hesabatlar dinləniləcək, Beynəlxalq Mədəni Müxtəliflik Fonduna (İFCD) təqdim olunmuş yeni layihələrin maliyyələşdirilməsi təsdiqlənəcək. Hökumətlərarası Komitə İFCD-nin resurslarından istifadəyə dair təlimatların ilkin təftiş layihəsini, eləcə də mikro, kiçik və orta mədəniyyət və yaradıcı müəssisələrlə müntəzəm məsləhətləşmə mexanizminin yaradılması üçün texniki-iqtisadi əsaslandırma haqqında hesabatı da müzakirə edəcək. 2005-ci il Konvensiyasının həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə əməkdaşlığı gücləndirmək məsələsi də gündəlikdəki mövzular arasındadır.

Sessiyanın ilk günü ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev də çıxış edib.

Daimi nümayəndə BMT Baş Assambleyasının 74-cü sessiyasında 2021-ci ilin “Dayanıqlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli” elan edildiyini xatırladaraq ölkəmizdə bu sahədə görülən işlərdən söz açıb.

Bildirib ki, “Davamlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli” COVİD-19 pandemiyasının yaradıcı iqtisadiyyatı iflic etdiyi vaxta təsadüf edib. Bu böhran bütün dünyada mədəniyyət sektorunda mövcud zəiflikləri üzə çıxardı və yaradıcılığın hər kəs üçün, xüsusən də rifahımız üçün nə qədər vacib olduğunu bir daha təsdiqlədi.

Azərbaycan yaradıcı sektoruna COVİD-19 pandemiyasının təsirindən bəhs edən Elman Abdullayev ölkə başçısının müvafiq sərəncamı ilə 2021-ci ildə elan edilmiş “Azərbaycan – 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər” barədə məlumat verib. Bildirib ki, yaradıcı sənayeni dəstəkləmək və bu sahədə iqtisadi artımı təmin etmək üçün “İqtisadi artım” prioriteti çərçivəsində “Mədəniyyətin və yaradıcı sənayenin dinamik inkişafı və bu sahədə ixrac potensialının gücləndirilməsi”nə dair məqsədlər də müəyyən edilib.

Daimi nümayəndə 2021-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradıldığını da diqqətə çatdırıb. Bildirib ki, federasiya ölkəmizdə bu sahənin inkişafı üçün zəruri olan münbit ekosistemi dəstəkləməklə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, yaradıcı məhsul və xidmətlərin istehsalı və ixracının təşviqi, yaradıcılıq sənayesi sahəsində ictimai təşkilatlarla iş, habelə 2019-cu il “Kreativ Azərbaycan” portalında yaradılmış müxtəlif fəaliyyətləri idarə edir.

Azərbaycanın Lənkəran şəhərinin “qastronomiya” nominasiyası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edildiyini deyən E.Abdullayev bunun  Azərbaycan, eləcə də UNESCO üçün regionumuzun zəngin mədəniyyətinin və mətbəxinin kəşf edilməsində növbəti uğur olduğunu bildirib.

Daimi nümayəndə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada otuzillik fasilədən sonra 2021-ci ildə ilk dəfə təşkil olunan “Xarıbülbül” musiqi festivalı barədə də danışıb. Qeyd edib ki, Şuşanın işğaldan azad edilməsindən sonra ilk möhtəşəm tədbir olan festival  ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərini bir araya gətirib, festivalda Azərbaycan mədəni müxtəlifliyinin əsl mahiyyətini əks etdirən xalq və klassik musiqi proqramı təqdim edilib.

E.Abdullayev çıxışında 2021-ci ilin oktyabr ayında Bakı Ekspo Mərkəzində “Qarabağın bərpası, yenidən qurulması və inkişafı – Qarabağı yenidən qur” adlı beynəlxalq sərgidən də söz açıb. Sərginin “İşğal olunmuş ərazilərdə iqtisadi, investisiya və turizm potensialı və “Rəqəmsal iqtisadiyyat” kimi mövzulara, Qarabağda həyata keçirilməsi təklif olunan layihələrə, Azərbaycanda “yaşıl enerji”nin inkişafı imkanlarına həsr olunduğu qeyd edilib. Sərgi çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin “Mədəniyyət üçün sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunmuş panel sessiyasının keçirildiyi də diqqətə çatdırılıb.

Sessiya iştirakçılarına Azərbaycan Prezidentinin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə bağlı sərəncamı haqqında da məlumat verilib.

Çıxışın sonunda daimi nümayəndə Azərbaycan və UNESCO əlaqələrinə toxunaraq, 2022-ci ildə bu əlaqələrin 30 illiyinin tamam olduğunu bildirib. Vurğulanıb ki, bu illər ərzində UNESCO ilə möhkəm və davamlı tərəfdaşlıq və qurumun səlahiyyətlərinin müxtəlif sahələrdə dəstəklənməsi ölkəmiz üçün prioritet olub. Azərbaycan qurumun bir çox mühüm tədbirlərinə ev sahibliyi edib, Afrika Prioriteti, gender bərabərliyi və təhsil kimi sektorlarda mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə müxtəlif layihələr həyata keçirib.

Xatırladaq ki, Azərbaycan UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin üzvüdür. Hökumətlərarası Komitənin 15-ci sessiyası fevralın 11-dək davam edəcək.