Alban irsinin monitorinqini aparacaq işçi qrupa xarici ekspertlər də cəlb olunub

 

Azərbaycan tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşıb. Bu yanaşma, eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni irsə münasibətdə də sərgilənir.

Bu sözlər son günlər bir sıra xarici kütləvi informasiya vasitələri tərəfindən ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki mədəni irs mövzusunda yayılan qərəzli xəbərlərlə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatında diqqətə çatdırılır.

Vurğulanır ki, işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir, onların qorunması Azərbaycan dövlətinin öhdəliyidir və bu, Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. Buna əyani sübut olaraq Şuşada başlamış genişmiqyaslı bərpa-quruculuq prosesinin məscidlərlə yanaşı, iki xristian kilsəsini də əhatə etməsini göstərmək olar: “Azərbaycan, Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir və Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqdir”.

Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hal-hazırda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır.

“İşğaldan azad edilmiş ərazilərdə qədim alban irsinə gəldikdə, qeyd etmək lazımdır ki,  bu irsin tədqiqi ilə bağlı işçi qrup təsis edilmişdir. İşçi qrupa həm yerli, həm də xarici ekspertlər cəlb olunub və yerində təhlükəsizlik vəziyyəti imkan verəcəyi təqdirdə, işçi qrupun üzvləri bu xristian irsinin monitorinqini həyata keçirib onu tədqiq edəcəklər. Saxtakarlıq aşkar ediləcəyi təqdirdə beynəlxalq ekspertlərin iştirakı ilə bu pozuntular sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Xatırlatmaq istərdik ki, tarixi-mədəni irs üzərində dəyişikliklər edilməsi və onun mənşəyinin dəyişdirilməsi 1954-cü il Haaqa Konvensiyasının müddəalarına ziddir”, – deyə məlumatda bildirilir.