Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından otuz il ötür. 1992-ci ilin 26 fevralında erməni silahlı dəstələri tərəfindən Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilən qırğın bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayətdir.

Xocalı soyqırımının otuzuncu ildönümü haqqında ölkə başçısının sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron toplu “Rəsmi sənədlər”, “Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırımı haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə kitabxananın saytında müvafiq linkdə tanış olmaq olar: http://anl.az/el/emb/Xocali-soyqirimi/index.html

***

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı soyqırımı – 30” adlı elektron daycest (xülasə) hazırlanıb.

Daycestdə Xocalı soyqırımı ilə bağlı 2017-2022-ci illərdə (fevral ayına qədər) dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr yer alıb.

Elektron daycestin linki: http://anl.az/down/Xocali_daycest_2022.pdf