Mədəniyyət naziri Anar Kərimovun BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) ali nümayəndəsi Migel Angel Moratinos ilə onlayn formatda görüşü olub.

Görüşdə Azərbaycan və BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb və davamlı əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Bu kontekstdə 2021-ci il ərzində Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş, BMTSA və İCESCO-nun birgə tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası (“Peace for Culture”) və bu kampaniyanın fəaliyyət planı layihəsinin hazırlanması barədə müzakirələr aparılıb.