Martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Toska“ operasının tamaşası keçiriləcək. Tamaşa yeni quruluşda və yenilənmiş  dekorasiyalarla tamaşaçılara təqdim olunacaq.

İtaliya və dünya opera sənətinin ən populyar əsərlərindən biri olan “Toska“ ilk dəfə 1900-cu ildə səhnəyə qoyulub və o vaxtdan dünyanın qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.

Operanın əsas süjet xəttini imperator Napoleon dövründəki siyasi avantüralar və əsas qəhrəmanlar Kavaradossi, Toska, Skarpia arasındakı sevgi intriqaları təşkil edir.

Tamaşada Toska partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Oksana Kramareva dəvət olunub. Onun sevgilisi – Kavaradossi partiyasını İtaliyanın La-Skala Akademiyasının solisti, Azərbaycanın Əməkdar artisti Azər Rzazadə, baron Skarpia rolunu isə Belarus Akademiyasının Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcək. Tamaşada həmçinin Akademik Opera və Balet Teatrının solistləri – Xalq artistləri Əli Əsgərov  (Həbsxana nəzarətçisi) və Əkrəm Poladov (Rizniçiy), Əməkdar artistlər Əliəhməd İbrahimov (Spoletta), Tural Ağasıyev (Şarrone) və Sankt-Peterburqun Marinski Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Məhərrəm Hüseynov (Anjelotti) iştirak edəcəklər.

Tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti, professor Aleksandr Petrov, quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki Dmitri Çerbadji, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.