Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başladığı müharibə incəsənət aləmindən də yan keçməyib. Qədim Roma dövründən qalan və zamanla mənası bir az dəyişən məşhur aforizmdə ifadə olunduğu kimi, toplar dillənəndə muzalar (sənət) susur...

Böyük Britaniyanın “Kovent-Qarden” teatrı Ukraynadakı vəziyyətilə əlaqədar Moskva Böyük Teatrı artistlərinin Londona qastrolunu ləğv edib. Avropanın, demək olar ki, bütünlüklə hava məkanını Rusiya təyyarələri üçün bağlamasından sonra zatən bu qastrol səfərinin gerçəkləşməsi də mümkün deyildi.


***


Tanınmış xoreoqraf Aleksey Ratmanski Böyük Teatrda hazırladığı tamaşanın premyerasını təxirə salıb. Teatrdan verilən açıqlamaya görə, “Fuqa sənəti” baletinin nümayişi qeyri-müəyyən müddətə ertələnib. Fevralın 24-də Moskvanı tərk edən xoreoqraf deyib: “Zamanı gələndə Moskvaya qayıdıb quruluş üzərində işimi tamamlayacağam...”.

Sankt-Peterburqda doğulmuş Aleksey Ratmanskinin uşaqlığı Kiyevdə keçib, Ukrayna Milli Opera və Balet Teatrının artisti olub, ilk sənət mükafatını isə Donetskdə keçirilən balet artistləri müsabiqəsində (1988) qazanıb. Uzun illərdir ABŞ-da yaşayır.


***


Latviya Milli Opera və Balet Teatrında fevralın 25-dən etibarən hər tamaşadan öncə Ukraynanın himni səslənir. Teatrın saytında yer alan məlumatda o da bildirilir ki, teatr yalnız Rusiyanın Ukraynaya qarşı başladığı hərbi əməliyyatı pisləyən sənətçilərlə əməkdaşlıq edəcək. “Biz həmçinin digər prodüserlərin teatrımızın səhnəsində təşkil etdiyi konsertlərdə çıxış edəcək artistləri də öz mövqeyini açıq bildirməyə çalışırıq. Əks halda müqavilələr pozulacaq...”, – deyə məlumatda qeyd olunur.


***


K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrı balet truppasının rəhbəri, fransız rəqqas və xoreoqraf Loran İler vəzifəsindən istefa verdiyini bildirib. Fevralın 27-də truppanın yığıncağında o, qərarını “geosiyasi situasiya” ilə izah edərək işdən çıxmaq barədə ərizə yazdığını deyib: “Gedişimdən kədərlənsəm də, situasiya mənim sakit işləməyimə imkan vermir”.

Teatr da bu barədə açıqlama yayıb: “Biz bu qərarı təəssüflə qarşılayır və məhsuldar çalışdığı illər üçün Loran İlerə minnətdarlığımızı bildiririk...”.

Avropanın tanınmış xoreoqraflarından olan Loran İler 2017-ci ilin yanvarından Moskva Akademik Musiqili Teatrı balet truppasının bədii rəhbəri idi. Teatrla əməkdaşlıq müqaviləsi ötən payız daha üç il uzadılmışdı.


***


Rusiyanın Ukraynaya qoşun yeritməsi ilə dünya şöhrətli neçə sənətçi bu ölkənin səhnələrində çıxışdan imtina edib. Moskva Dövlət Filarmoniyasında pianoçu Yefim Bronfman (2 mart), Nikolay Snayder (4 mart), Kristof Eşenbax (12 mart) və Semyon Bıçkovun (28 iyun) konsertləri təxirə salınıb.


***


Nyu-Yorkun məşhur konsert salonu “Carnegie Hall” dünya şöhrətli rus dirijor Valeri Gergiyevin Vyana Filarmonik Orkestri ilə nəzərdə tutulan konsertdə çıxış etməyəcəyini, onu kanadalı dirijor Yannik Nezet-Seqinin əvəz edəcəyini bildirib. Bundan əlavə, məşhur rusiyalı pianoçu Denis Matsuyevin konsertdə iştirakı da ləğv edilib.

Münxen Filarmonik Orkestri isə Valeri Gergiyevin 2015-ci ildən bəri çalışdığı baş dirijor vəzifəsindən azad olunduğunu elan edib.


***


“Disney”, “Sony” və “Warner Bros” kino şirkətləri Ukraynadakı müharibə ilə əlaqədar yeni filmlərinin Rusiya kinoteatrlarında nümayişini ləğv ediblər. Bu barədə “Washington Post” qəzeti “Warner Bros” şirkətinin bəyanatına istinadən yazır. “Warner Bros” “The Batman” filminin martın 2-də premyerası öncəsi Rusiyada bütün prokatı ləğv edib.

Gülcahan