Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibində dəyişiklik edilib. Dövlət başçısı bununla bağlı martın 3-də sərəncam imzalayıb.

Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının üzvləri sırasına Baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, energetika naziri Pərviz Şahbazov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov daxil ediliblər.

Həmçinin Əlaqələndirmə Qərargahı yaranandan sonra ötən müddətdə üzvlərlə bağlı müvafiq vəzifə dəyişiklikləri sərəncamda əksini tapıb. O cümlədən 2020-ci il 24 noyabr tarixində Əlaqələndirmə Qərargahı yaradılanda mədəniyyət nazirinin birinci müavini olmuş Anar Kərimov, “Azərkosmos” ASC-nin sədri olmuş Rəşad Nəbiyev yenilənən tərkibdə hazırkı vəzifələri (mədəniyyət naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri) ilə qeyd ediliblər.