Sumqayıtdakı Poeziya evində görüş


Sumqayıt Regionla Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya evində “Bölgə yazarları qonağımızdır” layihəsi üzrə Yardımlı rayonundan olan şair, Yazıçılar Birliyinin üzvü İqbal Nəhmətlə görüş keçirilib.

Sumqayıt RMİ-nin dəstəyi, S.Vurğun adına Mərkəzi Kitabxana və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə gerçəkləşən tədbiri Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova açaraq qonaqları salamlayıb. Sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə həmçinin Sumqayıt RMİ-nin məsləhətçisi Bayram Cəfərli, AYB-nin katibi Səlim Babullaoğlu, şairlər Əli Nəcəfxanlı, İbrahim İlyaslı, Nadir Azayoğlu, İlham Qazaxlı, Xatirə Fərəcli, Rəfiqə Şəms, şəhid atası Yaşar Nəzərov, müğənni Yusif Mustafayev və başqalarının İqbal Nəhmətin yaradıcılığı ilə bağlı çıxışları dinlənilib.

Sonra Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri və gənc şairə Gülnar Hüseynova şairin şeirlərini səsləndiriblər. Sonda İqbal Nəhmət çıxış edərək görüşün təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Nurəddin