Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, mədəni maarif tariximizdə xüsusi yeri olan İrəvan Müəllimlər Seminariyasının 140 illiyi silsilə tədbirlərlə qeyd olunur. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da 28 fevral – 4 mart tarixlərində İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər təşkil edilib.

Paytaxtda fəaliyyət göstərən bir sıra orta məktəb və liseylərin şagirdlərinin iştirak etdiyi tədbirlərdə məktəblilər 1885-1895-ci illərdə İrəvan Seminariyasında müəllimlik etmiş maarifçi, pedaqoq, ədəbiyyatşünas Firidun bəy Köçərli haqqında elektron məlumat bazası, virtual sərgi və ənənəvi resurslarla tanış olublar.

F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verən kitabxana əməkdaşları onun seminariyanın ilk müəllimlərindən olduğunu, geniş mədəni-maarif işləri apardığını diqqətə çatdırıblar. Qeyd olunub ki, F.Köçərli seminariyada ana dili və hüsnxət fənlərini tədris edib, pansion mürəbbisinin köməkçisi vəzifəsində çalışıb. F.Köçərli İrəvan Müəllimlər Seminariyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib edib, 1886-cı ildə ilk teatr tamaşası nümayiş etdirib. 1890-cı ildə isə İrəvanda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub.

Bildirilib ki, F.Köçərlinin 1891-1892-ci illərdə "Təlimi-Sokrat" əsəri və A.S.Puşkindən tərcümə etdiyi "Torçu və balıq" nağılı İrəvan şəhərində, M.Y.Lermontovun "Üç xurma ağacı" və A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilib.

Tədbirlərdə həmçinin maarif xadiminin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib. Məktəblilər F.Köçərlinin “Balalara hədiyyə” kitabından kompozisiyalar təqdim ediblər.