Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 10-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin bu il qeyd olunduğu məmnunluqla vurğulanıb.

Sonra ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

***

Xatırladaq ki, bir gün öncə Prezident İlham Əliyev Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

Görüşdə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayan dövlət başçısı Böyük Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməsini, xüsusilə şəhərlərin planlaşdırılması, minalardan təmizləmə və digər sahələrdə uğurlu fəaliyyətini diqqətə çatdırıb.

Baronessa Emma Nikolson diplomatik münasibətlərimizin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini məmnunluqla vurğulayaraq, iqtisadi, ticarət, enerji sahələrində ölkələrimiz arasında əməkdaşlıq və bu xüsusda BP-nin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi məsələlərinə toxunub.

İşğal dövründə ermənilərin şəhər və kəndlərimizdəki tarixi, mədəni, dini abidələri və tikililəri vəhşicəsinə dağıtdıqlarını, torpaqlarımızda vandallıq əməlləri törətdiklərini deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesi barədə məlumat verib. Həmin ərazilərdə, ilk növbədə, infrastrukturun yaradılması, yollar, elektrik enerjisi, minalardan təmizləmə istiqamətində intensiv fəaliyyətin aparıldığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.