Martın 11-də COVİD-19 pandemiyasının ikinci ildönümü tamam olur. Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı 2020-ci ilin əvvəlindən planetin dörd yanını sarmağa başlayan yeni növ koronavirus infeksiyasının qlobal təhlükə həddinə çatdığını nəzərə alaraq, 11 mart 2020-ci il tarixindən pandemiya elan etmişdi.

Ötən iki ilimiz sərtləşdirilmiş, sonra qismən yumşaldılmış, ardınca yenidən sərtləşdirilmiş, daha sonra mərhələlərlə yumşaldılan karantin rejimində keçib. Pandemiyanın dalğaları bir-birini əvəz etdikcə koronavirusla yanaşı yaşamağa və ondan qorunmağa da tədricən öyrəşmişik.

Pandemiyanın ikinci ildönümü ərəfəsində, martın 6-dan Azərbaycanda xüsusi karantin rejimində növbəti – bu dəfə daha genişmiqyaslı yumşalma başlayıb. Daha öncə məhdudiyyət sayı qoyulan bütün kütləvi tədbirlərin keçirilməsinə icazə verilib. O cümlədən mədəniyyət obyektlərinin, kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti aradan qaldırılıb.

Xatırladaq ki, Azərbaycanda sosial izolyasiya tədbirləri 2020-ci ilin 14 martından qüvvəyə minmiş, xüsusi karantin rejimi isə rəsmən 30 mart tarixindən elan edilmişdi. Budəfəki yumşalma tədbirləri həyatın ümumən pandemiyadan öncəki vəziyyətə (qapalı məkanlarda maska və COVİD-19 pasportları nəzərə alınmaqla) qayıtması deməkdir.

Amma təhlükə hələ tam sovuşmayıb. COVİD-19 virusu da heç bir yerə getməyib, yan-yörəmizdə, başımızın üstündə, bəlkə də ayağımızın altındadır. Odur ki, özümüzün də, yaxın-uzaq ətrafımızın da ümumi sağlığı naminə ehtiyatı əldən verməməliyik. Hamılıqla hamıdan muğayat olaq...