Böyük satirik şair, maarifpərvər ziyalı Mirzə Ələkbər Sabirin (1862-1911)  anadan olmasının 160 illiyi münasibətilə şairin adını daşıyan Bakı şəhər kütləvi kitabxanasında tədbir keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, tədbirdə kitabxananın direktoru Aliyə Kərimova qonaqları salamlayaraq əvvəlcə Sabir satiraları əsasında hazırlanan slaydı iştirakçılara təqdim edib.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçiləri  Zarema Abdullayeva və Rahilə Sadıqova muzeyin “Sabir guşəsi”ndə nümayiş olunan eksponatlardan danışıb və təqdim etdiyi slaydla muzeyə virtual ekskursiya təşkil ediblər.

Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova çıxış edərək şairin “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti və Mirzə Cəlillə dostluq münasibətlərindən danışıb.

Gənc satirik şair Əlibəy Məmmədli Sabirin “Kəndli və axund” dialoq üslublu satirasını obrazlı səsləndirib. O qeyd edib ki, M.Ə.Sabirin nə dediyini düzgün anlamaq və anlatmaq üçün onun əsərlərini yeni nəsillərə daha çox oxutmaq, həmçinin oxuduqlarını doğru izah etmək lazımdır.

Tədbirdə şairin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi Sevda Tahirli çıxış edərək bildirib ki, Sabiri yaşadan xalqın, millətin sevgisi və ona verdiyi dəyəridir.