Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mehmet Emin Kiraz bu günlərdə Hüseyn Cavidin Ev-Muzeyinin qonağı olub.

Diplomata böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığı, ictimai və pedaqoji fəaliyyəti, faciəli taleyi, Sibirdə sürgündə vəfat etməsi haqqında, illər sonra nəşinin Vətənə gətirilməsi, xatirəsinin əbədiləşdirilməsi, Bakıda və Naxçıvanda ev-muzeylərinin yaradılması, Naxçıvanda məzarı üzərində məqbərəsinin ucaldılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri barədə  ətraflı məlumat verilib.

Konsul muzeyin ekspozisiya zalları ilə tanış olub. Burada sərgilənən eksponatlar, xatirə əşyaları, müəllifin təsadüf nəticəsində günümüzə qədər gəlib çatan bəzi əlyazmaları, əsərlərinin müxtəlif illərdəki nəşri, pyeslərinin səhnə həyatı ilə əlaqədar məlumatlar qonaqda geniş təəssürat yaradıb. Muzey əməkdaşları Hüseyn Cavid və Cavidlər ailəsi ilə bağlı diplomatı maraqlandıran sualları cavablandırıblar.

Mehmet Emin Kiraz muzeyin rəy kitabına öz ürək sözlərini yazıb. O, ziyarətdən məmnun qaldığını qeyd edərək, Hüseyn Cavidin Azərbaycanın olduğu qədər bütün Türk dünyasının da fəxri olduğunu bildirib.

Qonağa muzeyin nəşrlərindən bir neçəsi hədiyyə olunub.