Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən görkəmli yazıçı, diplomat Yusif Vəzir Çəmənzəminlinin (12.9.1887 – 3.1.1943) anadan olmasının 135-ci ildönümü münasibətlə silsilə materiallar – videoçarx, virtual kitab sərgisi və biblioqrafik siyahı hazırlanıb.

Videomaterial və virtual sərgidə yazıçının həyat və yaradıcılığı haqqında məlumat əksini tapıb. Materiallarda ədibin “Qızlar bulağı”, “Bir gəncin dəftəri” və s. əsərlərinin qısa məzmunu ilə yanaşı, “İki od arasında”, “Studentlər” romanları haqqında da məlumat verilir. Biblioqrafik siyahıda isə Çəmənzəminlinin 10-dan çox kitabının biblioqrafik təsviri, görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər yer alıb.

Materiallar Gənclər Kitabxanasının saytında yerləşdirilib.

Yusif Vəzir Çəmənzəminli zəngin bədii yaradıcılığı ilə yanaşı diplomatik fəaliyyəti ilə də tanınıb. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, Rusiyanın Nijni-Novqorod vilayətində həbs düşərgəsində vəfat edib.