VIII Bakı Beynəlxalq Kitab Sərgisində zəngin stendi ilə iştirak edən F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeni nəşrlərin təqdimatlarını da keçirib.

Oktyabrın 7-də Respublika Uşaq Kitabxanası və “Təhsil” nəşriyyatının (nəşriyyat-poliqrafiya müəssisəsi) birgə layihəsi – uşaq yazarı Raziyyə Rəhimzadənin rus dilində çap olunmuş “Qədim Bakı haqqında əfsanələr” kitabının imza günü keçirilib.

Kitabda yazıçının 11 hekayəsi yer alıb. Müəllif öz hekayələrində bir sehrbaz kimi tarixi Odlar diyarının şəklinin xalçasını toxuyur.

Oktyabrın 8-də sərgi çərçivəsində Respublika Uşaq Kitabxanası və “Təhsil” nəşriyyatının tərəfdaşlığı ilə Tural Axundovun “Şuşa tarixin obyektivində” kitabının, “Mən Şuşanı çəkirəm” adlı virtual rəsm sərgisinin təqdimatı olub.

Tədbirdə Bakı şəhəri Yuri Kovalyov adına 229 saylı məktəbin şagirdlərinin ifasında “Azad Şuşa” kompozisiyası nümayiş olunub, Ağdam rayon Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdləri muğamlardan parçalar oxuyublar.

Tural Axundov kitab barədə məlumat verib. Bildirib ki, kitab 3 hissədən ibarətdir və Şuşanın dünəni, bu günü və sabahı haqqındadır. Yazıçı-publisist Mustafa Çəmənli kitabla bağlı fikirlərini bölüşüb.

Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Şuşa İli”  çərçivəsində məktəblilər arasında keçirilən rəsm müsabiqəsi haqqında məlumat verərək virtual sərgidə “Palitra” art studiyasının şagirdlərinin 60-dək əl işinin yer aldığını bildirib.  “Mən Şuşanı çəkirəm” virtual sərgisi kitabxananın saytında təqdim edilib.

Oktyabrın 8-də sərgi çərçivəsində “Təhsil” nəşriyyatı, Respublika Uşaq Kitabxanasının və “Sultan” cizgi filmi studiyasının tərəfdaşlığı ilə yazıçı Sevinc Nuruqızının “Pıçıltı” kitabının təqdimatı da keçirilib. Kitab 2020-ci ilin Vətən müharibəsində Ermənistanın Gəncə şəhərində törətdiyi terrorun qurbanları olan uşaqlara ithaf edilib.

Əvvəlcə kitabla bağlı “Sultan” studiyasında çəkilmiş “Pıçıltı” tanıtım filmi və  3 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin “Çiçəyim” uşaq teatrının üzvlərinin ifasında “Pıçıltı” kompozisiyası nümayiş olunub.

Sevinc Nuruqızı bildirib ki, “Pıçıltı” kitabı bütün canlıların və cansızların məhvinə səbəb olan terrora “YOX” deyənlərin səsidir. Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova vurğulayıb ki, S.Nuruqızının əsərlərində uşaq dünyasına dair ən əhəmiyyətli məqamlar əksini tapır. “Pıçıltı” da belə əsərlərdən biridir.

“Təhsil” nəşriyyatının direktoru Tural Axundov, kitabın rəyçisi – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova nəşr haqqında fikirlərini bölüşüblər.