Xalq şairi Ramiz Rövşən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazar”ı idi. Oktyabrın 8-də Bakı Ekspo Mərkəzində, sərginin “Xurşidbanu Natəvan” təqdimat zalında Ramiz Rövşənlə görüş və imza saatı keçirilib.

 

“Kitaba olan sevginizə heyranam”

 

Xalq şairi görüşə toplaşanları salamlayaraq ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşüb. Yeni nəsil, çağdaş mətnlər, şeir ruhu, ədəbiyyatın gücü və başqa məsələlər ətrafında fikirlərini bildirən Ramiz Rövşən kitaba, mütaliəyə yönələn marağın onu sevindirdiyini vurğulayıb: “Sizin kitaba olan sevginizə heyranam. Əslində mən belə düşünürdüm ki, indi kitab mütaliə edən yoxdur. Amma siz mənə yanıldığımı göstərirsiniz. Kitabı yazırıq ki, sevdiklərimizi saxlayaq, gördüklərimizi saxlayaq, zamanı saxlayaq. Şopenhauerin gözəl bir sözü var: “Poeziya zaman haqqında tarix kitablarından daha dəqiq danışır”. Mən indiki gəncləri həddindən artıq çox sevirəm. Səbəb isə odur ki, dünyanın hər üzünü bilən, ayıq, öz daxilində prinsiplərini, mənəvi dəyərlərini saxlayan gənclərimiz çoxdur. Mənim onlara ən böyük arzum budur ki, onlar sevməyi sevsinlər...”.

Görüş sual-cavab şəklində davam edib. Şairə poetik dünyası, şeirlərinin mövzusu, yaradıcılığının bir çox aspektləri ilə bağlı maraqlı suallar ünvanlanıb. Onların hər birini özünəməxsus üslubda cavablandıran Ramiz Rövşən “Mənə bir dəfə belə bir sual ünvanlandı: “Ramiz müəllim, axı sizi sevməyənlər də var”. O zaman belə bir cavab verdim: “Bizi sevməyənlər bizi tanımayanlardır”. Nə yaxşı ki, buradakı oxucular, yetişən gənclik məni tanıyanlardır. Belə auditoriya şair üçün hər zaman stimul, həyat qaynağıdır” deyib.

Daha sonra Ramiz Rövşən sevgi şeirlərindən nümunələr söyləyib, oxucular üçün kitablarını imzalayıb.

 

Vətənpərvərlik və dünyəvilik mövzusunda sərbəst çıxış

 

VIII Bakı Beynəlxalq Kitab Sərgisinin daha bir “fəxri yazar”ı, şair, publisist Aqşin Yenisey 6 oktyabrda “Vətənpərvərlik və dünyəvilik mövzusunda sərbəst çıxış” adlı məruzəsini təqdim edib.

O, çıxışında ədəbiyyatın yaradıcılıq problemləri ilə bağlı bir sıra məqamlara toxunaraq, tarixilik və bəşərilik məsələləri, dünya ədəbiyyatında bunun işlənmə rakursları, prioritet mövzular ətrafında fikirlərini bölüşüb. Qloballaşmanın dünyanı düşündürən ən aktual problem olaraq qaldığını nəzərə çatdıran yazar xalqın milli simasının qorunmasında bəzi praktik işlər həyata keçirilməsinin labüdlüyünü nəzərə çatdırıb. Bildirib ki, bu gün qlobalizmə qarşı ən çox mübarizə aparan ölkələrdən biri Fransadır. Fransa bələdiyyələri ingilisdilli reklam lövhələrinin asılmasına görə yüksək cərimələr tətbiq edir. Fransız dilinin Amerika kinosu və mədəniyyətinin dilinə yenilməməsi üçün kinoteatrlarda Amerika filmlərinin nümayişi məhdudlaşdırılır.

Daha sonra Aqşin Yenisey hər bir xalqın milli özünəməxsusluğunun qorunmasının vacibliyi məsələsinə toxunub: “Düşünürəm ki, biz bəşəri dəyərləri itirməmək şərtilə öz milli kimliyimizi unutmamalıyıq. Çünki onun bizə qatdığı çox yüksək keyfiyyətlər var”.

Oktyabrın 9-da sərgi çərçivəsində Aqşin Yeniseylə “Şeir axşamı” keçirilib. Müəllif görüşdə yaradıcılığından söz açıb, şeirlərini oxuyub.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli yazara nazirlik tərəfindən təsis olunan “Şuşa-270” döş nişanını təqdim edib.

Aqşin Yenisey Bakı Beynəlxalq Kitab Sərgisində beşinci dəfə iştirak etdiyini və ilk dəfə belə bir təltifə layiq görüldüyünü bildirib: “Bu mənim üçün çox gözlənilməz oldu. Şuşa şəhərinin adını daşıyan hər bir şey mənim üçün dəyərli və qiymətlidir. Çox qürurla mən bu döş nişanını öz üzərimdə daşıyacam. Bu dəyərə görə Mədəniyyət Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm”.