Bakıda keçirilən daha bir beynəlxalq kitab bayramı tarixə qovuşdu. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr tarixində VIII Bakı Beynəlxalq Kitab Sərgisi (“Baku International Book Fair – 2022”) keçirildi.

“Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində reallaşan sərgi Azərbaycanın mədəniyyət paytaxtının 270 illiyinə – “Şuşa İli”nə həsr olunmuşdu. 10-dan çox ölkədən (Türkiyə, Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və s.) 100-dən artıq yerli və xarici nəşriyyat sərgidə iştirak edirdi.

Builki sərginin “fəxri qonaq ölkə”si Türkiyə Cümhuriyyəti idi. Türkiyə eyni zamanda daha çox nəşriyyat və yazarla kitab bayramında təmsil olunurdu.

Bakı Expo Mərkəzində qurulan “Üzeyir Hacıbəyli”, “Bülbül” və “Xurşidbanu Natəvan” təqdimat zonalarında görüşlər təşkil olundu, imza mərasimləri gerçəkləşdi. Ümumiyyətlə, VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 200-dən artıq tədbir keçirildi. Builki sərgidə ilk dəfə olaraq azyaşlı oxucular üçün xüsusi “Uşaq dünyası” adlı stend quraşdırılmışdı.

Sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin edildi. Bu da oxucuların və sərgi çərçivəsində keçirilən tədbirlərə qatılmaq istəyənlərin işini xeyli asanlaşdırmışdı.

Sərginin sonuncu günü, oktyabrın 9-da “Xurşidbanu Natəvan” təqdimat zonasında bir sıra iştirakçı və qurumlara Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş “Ən yaxşı stend”, “Ən çox satılan kitab”, “Ən yaxşı nəşriyyat”, “Ən maraqlı qonaq” və s. nominasiyalar üzrə mükafatlar, o cümlədən “Şuşa – 270” xatirə nişanı və fəxri fərmanlar təqdim edildi.

VIII Bakı Beynəlxalq Kitab Sərgisinə olan maraq, keçirilən rəngarəng tədbir və təqdimatlar Azərbaycanın kitab sənətinin mərkəzlərindən birinə çevrilməsindən xəbər verir. Yeni sərgilərdə görüşənədək.