Xəbər verildiyi kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası VIII Bakı Beynəlxalq Kitab Sərgisində bir  sıra təqdimatlar keçirib.

Oktyabrın 9-da kitabxananın təşkilatçılığı ilə sərginin “Bülbül” təqdimat zonasında “Şuşa İli”nə həsr olunmuş nəşr – Zahirə Cabirin “Əvvəl zaman içində” kitabı təqdim olunub.

“Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsində işıq üzü gərən kitabda müəllifin Qarabağ haqqında qələmə aldığı nağıl və əfsanələr toplanıb. Kitaba “Özümdən özümə məktub” essesi, Qarabağın qədim tarixi-mədəni abidələri haqqında yeddi nağıl və yeddi əfsanə daxildir.

Müəllifin fikrincə, Qarabağ haqqında nağıl və əfsanələri yazmaqda əsas məqsədi bu gözəl diyarın qədimliyini oxucuya çatdırmaqdır. Nağıl və əfsanələr uşaq və yeniyetmələrə ədalət və xeyirxahlıq aşılayır, çevik düşüncə və cəsarətli fikir yürütmək bacarığı tərbiyə edir.

Kitabın redaktoru uşaq yazarı Sevinc Nuruqızı, rəssamı Nərmin Abdullayevadır.  “Əvvəl zaman içində” kitabı orta yaş uşaqlar üçün nəzərdə tutulub.