Azərbaycan

 

19 oktyabr 1898 – Ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 – 29.3.1976) Bakıda anadan olub.

19 oktyabr 1932 – Əməkdar incəsənət xadimi, rəssam Sara Məmmədağa qızı Manafova (1932 –13.8.2007) Bakıda anadan olub. Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi. Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.

19 oktyabr 1962 – Əməkdar rəssam, heykəltəraş Seyfəddin Əli oğlu Qurbanov (1962 – 16.11.2021) Naxçıvan MR Şərur rayonunun Siyaqut kəndində doğulub. Ukraynada yaşayıb, bu ölkənin Xalq rəssamı adına layiq görülüb. İmadəddin Nəsiminin Kiyevdə ucaldılan (2019) heykəlinin müəllifidir.

19 oktyabr 1972 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 – 1972) vəfat edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

 

20 oktyabr 1905 – Yazıçı Leo (Lev) Abramoviç Nusenbaum (Nussimbaum; 1905 – 27.8.1942) Bakıda anadan olub (bəzi mənbələrə görə, Kiyevdə doğulub, bir yaşında ikən ailəsi Bakıya köçüb). 1920-ci ilədək Azərbaycanda yaşayıb, sovetləşmədən sonra Almaniyaya mühacirət edib. İtaliyada vəfat edib. Məhəmməd Əsəd bəy, Qurban Səid təxəllüsləri ilə yazıb. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir.

20 oktyabr 1906 – Əməkdar artist İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi; 1906-1961) Bakıda doğulub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb.

20 oktyabr 1910 – İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (1910 – 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.

20 oktyabr 1913 – Tanınmış şair, respublika Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə;  1913 – 27.9.1977) İrəvanda doğulub. Ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

20 oktyabr 1917 – Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917 – 4.5.1975) Tiflisdə doğulub. 1937-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

20 oktyabr 1922 – Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 – 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib.

20 oktyabr 1995 – Əməkdar artist Mustafa Hüseyn oğlu Sərkarov (1905-1995) vəfat edib. Gəncə Dram Teatrında aktyor, truppa müdiri işləyib.

 

21 oktyabr 1932 – Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 – 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatında iştirak edib, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, Moskvada Lefortovo həbsxanasında saxlanılıb. Kitabları: “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim”, “Türkün dünyası” və s.

21 oktyabr 1932 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (1932 – 26.10.2000) Gürcüstanın Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində doğulub. 1987-ci ildə Tbilisidə Beynəlxalq xalq yaradıcılıq festivalının laureatı olub.

21 oktyabr 1938 – Ədəbiyyatşünas alim, şair Əmin Abid (Əmin Mütəllib oğlu Əhmədov; 1898–1938) dünyasını dəyişib. Azərbaycan ədəbiyyatı tarixinə dair monoqrafiyaların, milli-azadlıq ruhlu şeirlərin müəllifidir. Repressiya qurbanı olub.

 

21 oktyabr 1941 – Əməkdar incəsənət xadimi, aşıq Hüseyn Bozalqanlı (Hüseyn Cəfərqulu oğlu Quliyev; 1863-1941) vəfat edib. Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.

 

Dünya

 

19 oktyabr 1899 – Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias; 1899-1974) anadan olub. Əsərləri: “Senyor prezident”, “Dəfn olunmuşların başçısı” və s.

 

20 oktyabr 1854 – Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud; 1854-1891) anadan olub.

20 oktyabr 1919 – Başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.

 

21 oktyabr 1833 – İsveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel; 1833-1896) Stokholmda doğulub.

21 oktyabr 1928 – Tatar əsilli Rusiya aktyoru Radner Zinyatoviç Muratov (1928-2004) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Qızıl buzov” və s.

Hazırladı: Vüqar Orxan