8 Noyabr – Zəfər Günü bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlərlə qeyd olunub.

İsmayıllı Regional Mədəniyyət İdarəsi (RMİ) İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı keçirilib. Respublikamızın tanınmış incəsənət ustalarının ifası dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

***

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad RMİ və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Sabirabad rayon Mədəniyyət Mərkəzi və şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin birgə təşkil etdiyi konsert proqramı qonaqların könlünü oxşayıb.

***

Şəmkir RMİ Göygöl rayon Mədəniyyət Mərkəzinin “Nərgiz” xalq kollektivi N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Daşkəsən rayon Mədəniyyət Mərkəzi rayon İcra Hakimiyyəti ilə bayram konserti təşkil edib. Rayon incəsənət ustalarının ifası alqışlarla qarşılanıb.

***

Ağcabədi RMİ Ağcabədi rayon Mədəniyyət Mərkəzində Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. İştirakçılar əvvəlcə mərkəzin foyesində Qələbəyə həsr olunan əsərlərdən ibarət sərgiyə baxıblar. Sonra konsert proqramı təqdim edilib.

***

Şəki RMİ-nin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Şəki şəhərində yerləşən uşaq incəsənət, musiqi məktəblərinin və şəhər Mədəniyyət Mərkəzinin hazırladığı bayram şənliyi sakinlərdə yüksək əhval-ruhiyyə yaradıb.

Şəki şəhər Mədəniyyət Mərkəzində də bayram münasibətilə “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert təşkil olunub. Mərkəzin “Zurnaçılar” ansamblının çıxışı, instrumental heyətin (kamançada Rüstəm Xəlilməmmədov, tarda Sərdar İlyaszadə, nağarada Şöhrət İbrahimxəlilov, qoşanağarada Səbuhi Cəlilov) müşayiəti ilə müğənnilər Zabil Məmmədov, İdris İdrisov və Sərdar Yunusovun ifasında mahnılar alqışlarla qarşılanıb.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Qarabağ Azərbaycandır!” adlı tədbir təşkil olunub. İştirakçılar mərkəzin foyesində yeniyetmə və gənc rəssamların Zəfərimizə və qəhrəman şəhidlərimizə həsr etdikləri əsərlərdən ibarət sərgi ilə tanış olublar. Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

***

Biləsuvar rayonunda Zəfər Gününə həsr olunan ümumrayon tədbiri keçirilib. Rayonun icra başçısı Faiq Qürbətov və Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxovun da iştirak etdiyi tədbirdə Biləsuvar, Salyan və Neftçala rayonlarından incəsənət ustaları və rəqs qruplarının ifası tamaşaçıların zövqünü oxşayıb.

Biləsuvar RMİ və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbir də yaddaqalan olub. RMİ-nin, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına Musiqi məktəbi və digər musiqiçilərin iştirakı ilə konsert proqramı təqdim edilib.

Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə isə ilk olaraq sərgiyə baxış olub. Sonra Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi və Uşaq incəsənət məktəbinin solistləri, həmçinin Bakı şəhərindən gələn incəsənət ustaları tərəfindən konsert proqramı sakinlərdə əsl bayram əhvalı yaradıb.

***

Bərdə RMİ, Bərdə Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsi rayon sektorunun təşkilatçılığı ilə rayonun mərkəzi meydanında Zəfər Gününə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgi keçirilib.

Tərtər rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı gerçəkləşib. Regional idarənin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramında ümumtəhsil məktəblərinin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar ifa edib, şeirlər səsləndiriblər. Sonda fəal məktəblilərə təşəkkürnamələr təqdim olunub.

***

Gəncə RMİ və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalan şəhər Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş bayram konserti keçirilib. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri – Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Tağızadə, Rövşən Məmmədov, Gəncə şəhər Uşaq incəsənət məktəbinin “Xəmsə” nağaraçalanlar və “Gəncə qönçələri” mahnı və rəqs ansamblları vətənpərvərlik ruhlu musiqilər səsləndiriblər.

Kəlbəcər rayon Mədəniyyət sarayında “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram konserti təşkil edilib. Rayonun icra başçısı Azər Qocayev və Gəncə RMİ-nin rəisi Vasif Cənnətovun da iştirak etdiyi tədbirdə xanəndə, Əməkdar artist Babək Niftəliyev, Əməkdar mədəniyyət işçisi, aşıq Ədalət Dəlidağlı və Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirilib.

***

Lənkəran RMİ Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Zəfər Günü” adlı konsert proqramı təşkil olunub. “Nənələr” folklor kollektivi, “Ay lolo” folklor rəqs ansamblı, müğənnilərdən Əməkdar artist Nigar Şabanova, Cavad Rəcəbov, Elşad Qarayev, Talıb Tale, Yeganə Mürsəlova, Habil Əhmədov, Elgün Əlizadə, Rəşidə Kərimi və Qurban Nəzərov çıxış ediblər.

***

Ağdaş RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaş şəhərinin mərkəzi meydanında ümumrayon tədbiri keçirilib. Tədbirdə ilk olaraq kəndirbazların, şəhər musiqi məktəbi şagirdlərinin, “Teşti” folklor kollektivinin ifasında maraqlı nömrələr təqdim edilib. Sonra “Xalq ulduzu” müsabiqəsinin qalibi Tural Salmanov, yerli musiqiçilər və “Nur” rəqs qrupunun təqdimatında konsert proqramı təqdim olunub.

***

Sumqayıt RMİ Abşeron rayon Mədəniyyət Mərkəzinin Novxanı kənd Sənətkarlıq klubu və MKS-nin Novxanı kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Ceyhun Useynovun ailəsini ziyarət ediblər.

***

Ağstafa rayon Mədəniyyət Mərkəzində Zəfər Günü münasibətilə ümumrayon tədbiri təşkil edilib. Ağstafa RMİ və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.

Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbi Zəfər Günüylə əlaqədar N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Zəfərin mübarək, Azərbaycanım!” adlı konsert proqramında “Göyəzən” instrumental ansamblı, Qazax şəhər 1 və 2 nömrəli Uşaq musiqi məktəblərinin kollektivləri çıxış ediblər.

***

Kürdəmir RMİ Beyləqan rayon mədəniyyət müəssisələrin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Beyləqan rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Niyazi adına Uşaq musiqi məktəbinin şagird və müəllimlərinin hazırladığı mahnılar və rəqs nömrələri maraqla qarşılanıb.

***

Xaçmaz RMİ Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində təşkil olunan “Azərbaycan, Zəfərinlə ucaldın!” adlı bayram tədbirində tanınmış incəsənət ustalarının iştirakı ilə konsert təqdim olunub.

***

Masallı RMİ və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində keçirilən bayram tədbirində vətənpərvərlik ruhlu mahnılar səsləndirilib.

Masallı RMİ və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində də bayram konserti təşkil edilib. Axşam saatlarında isə Zəfər Günü ilə əlaqədar Heydər Əliyev Seyrəngahında atəşfəşanlıq olub.

Nurəddin Məmmədli