Noyabrın 22-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın ikiillik fəaliyyətinin yekunlarına həsr olunan iclas keçirilib.

Qərargahın rəhbəri Samir Nuriyev giriş sözündə ikiillik fəaliyyətin nəticələrindən irəli gələrək, keyfiyyət, səmərəlilik, operativlik və dayanıqlılıq prinsiplərinin daim rəhbər tutulmasının, hər bir layihə ilə bağlı hərtərəfli planlaşdırma, proqnozlaşdırma və risklərin qiymətləndirilməsi işinin aparılmasının, habelə görülən işlərlə bağlı səmərəli nəzarət və monitorinq mexanizmlərinin əhəmiyyətini vurğulayıb.

İclasda Əlaqələndirmə Qərargahının gündəliyində dayanan cari məsələlərlə bağlı məruzələr dinlənilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələr, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə əhalinin 2023-cü il ərzində qayıdışı istiqamətində görülən işlər barədə məlumat verilib.

Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası, ərazidə dayanıqlı enerji sisteminin qurulması, enerji və istilik təminatı məsələləri barədə məruzələr təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri müvafiq ərazilərdə həyata keçirilən layihələrin icrasının gedişatı barədə məlumat veriblər.

Sonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.