Şeyxülislam BMT Sivilizasiyalar Alyansının IX Qlobal Forumunda çıxış edib

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 22-23-də Mərakeşin Fəs şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumunda iştirak edib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, “Sülh alyansına doğru. Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq” mövzulu forumun “Müdriklərin səsi” adlı plenar iclasında Allahşükür Paşazadə də çıxış edib.

Şeyxülislam çıxışında qeyd edib ki, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təəssüf ki, beynəlxalq sabitliyə və təhlükəsizliyə əngəl törədən ideoloji və praktiki çağırışlar, o cümlədən ksenofobiya, dini və etnik dözümsüzlük faktları qlobal miqyasda artmaqdadır: “İnsanlar arasında təcavüzü, zorakılığı və ayrı-seçkiliyi qızışdıran, müasir texnologiyalar vasitəsilə müxtəlif ölkələrdə sabitliyi pozan siyasi və sosial təhdidə çevrilən nifrət çağırışları müharibələrə, soyqırımı cinayətlərinə səbəb ola bilir. Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir”.

QMİ sədri xatırladıb ki, Azərbaycan 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi və məlum qətnamələrinə əsasən Ermənistanın hərbi təcavüzünə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib: “Otuz il boyu davam etmiş işğal dövründə biz Azərbaycanda bütün bu çağırış və problemlərlə üz-üzə qalmışıq. Bu gün dövlətimiz işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli-mənəvi abidələrimizi, məscidlərlə yanaşı digər dini məbədləri bərpa edir, yandırılmış torpaqlarımızı dirçəldir, ərazilərimizi minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır”.

Ölkəmizdəki çoxmillətli və çoxkonfessiyalı cəmiyyət, dövlət səviyyəsində dəstəklənən  multikultural dəyərlər və tolerantlıq haqqında söz açan QMİ sədri bildirib ki, Azərbaycan Prezidenti tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü, habelə 2021-ci ildə ölkəmizin təşəbbüsü ilə başlayan “Mədəniyyət naminə sülh” qlobal kampaniyası dünyada insan həmrəyliyinə xidmət edir.

Dünyanın tanınmış siyasi, elm, din və ictimaiyyət xadimlərinin iştirak etdikləri forumda qlobal kontekstdə aktual əhəmiyyət kəsb edən mövzular barədə fikir mübadiləsi aparılıb. Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Mərakeş Krallığının rəsmiləri, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu,  ICESCO-nun baş direktoru Salim əl-Malik və digərləri ilə görüşüb.

Xatırladaq ki, Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının IX Qlobal Forumunda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov da iştirak edib. Nazir forum çərçivəsində keçirilən “Mədəniyyət: sülh üçün olmazsa olmazdır. Muzeylər möcüzə, kəşf, açıqfikirlilik və mədəniyyətlərarası dialoq məkanı kimi” mövzusunda paneldə çıxış edib.