“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Erməni işğalı nəticəsində Şuşanın maddi-mənəvi irsinin talanması və təhsil ocaqlarının dağıdılması” layihəsi üzrə ərsəyə gətirdiyi “270-ci səhifə” adlı sənədli filmi təqdim edib. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunan xüsusi qrant müsabiqəsinin qaliblərindən biri olub.

Təqdimat mərasimində filmin ssenari müəllifi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev ekran əsəri barədə məlumat verib. Vurğulayıb ki, filmdə Şuşanın 270 illik tarixinin səhifələrinə ekskurs edilir. Şuşanı dünyaca məşhur edən yaradıcı insanlar, ictimai xadimlər haqqında məlumat verilir: “Şuşa şəhərinin yaradıcıları azərbaycanlılar olub. Məqsədimiz Şuşa haqqında həm yerli, həm də xarici auditoriyaya doğru və dolğun məlumatları çatdırmaqdır. Qarabağımızın mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə filmin adı rəmzi olaraq “270-ci səhifə“ adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir...”.

Filmdə aparıcı-araşdırmaçı kimi çıxış edən tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov də ekran əsəri barədə fikirlərini bölüşüb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Şuşa ilə bağlı belə bir filmin çəkilməsini yüksək qiymətləndirib.