“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqları üzərində monitorinq təmin edilməlidir”

 

Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalan və cəfəngdir. Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir.

Prezident İlham Əliyev bu fikirləri yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edəndən sonra onunla söhbətində diqqətə çatdırıb.

Dövlətimizin başçısı bildirib ki, dekabrın 12-dən etibarən nəqliyyat vasitələrinin bu yol ilə hər iki istiqamətdə 1000-ə yaxın keçidi təmin olunub.

Prezident Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.

2022-ci ildə Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayan dövlətimizin başçısı ötən müddət ərzində ikitərəfli  əlaqələrin zəngin tarixinin olduğunu deyib.

Azərbaycan Prezidenti qarşıdakı dövrün ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq baxımından daha da səmərəli olacağına ümid etdiyini bildirib.

Xanım Ann Buayo Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın Prezidenti kimi ilk səfərini Fransaya etdiyini xatırladıb. O, Azərbaycanda diplomatik fəaliyyəti dövründə qarşılıqlı münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev səfirə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb.

***

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın da etimadnamələrini qəbul edib.