Moskva Brüsselin Cənubi Qafqazda sülh məsələsində səmimi olmadığını bildirir

 

Əgər Brüssel səmimi qəlbdən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olsaydı, Avropa İttifaqı (Aİ) öz missiyalarının işinin şərtlərini Azərbaycanla razılaşdırardı.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Aİ-nin Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatında bildirilib.

Rusiya XİN bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının ortaya çıxması regionda vəziyyəti kəskinləşdirəcək, özü ilə bərabər geosiyasi qarşıdurma gətirəcək. “Avropa İttifaqının nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək və Rusiya Federasiyasının vasitəçilik səylərini sıxışdırmaq cəhdləri regionda sülhə meyil edən azərbaycanlılarla ermənilərin maraqlarına zərər vuracaq”, – deyə bəyanatda vurğulanır.

Rusiya XİN Ermənistanda yerləşdiriləcək Avropa İttifaqının (Aİ) mülki missiyası ilə bağlı xəbərdarlıq da edib.

Bəyanatda qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Aİ-nin müşahidəçilərinin davranışlarına “yerdəki vəziyyətin inkişafına uyğun” reaksiya verəcək.

Rusiya XİN əminliyini ifadə edib ki, yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 (10) noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti, habelə Ermənistan sərhədlərində xidmət edən Rusiya sərhədçiləridir.