Azərbaycan Mətbuat Şurası (MŞ) 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı bir sıra tədbir və layihələr həyata keçirəcək. Bununla bağlı yanvarın 26-da MŞ idarə heyətinin iclasında müzakirələr aparılıb.

Şuranın sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin 2022-ci ilin 24 sentyabrında keçirilmiş VIII qurultayında seçilmiş MŞ idarə heyətinin ötən müddətdə fəaliyyəti barədə məlumat verib, qarşıda duran vəzifələrdən söz açıb.

Sonra Mətbuat Şurasının “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı nəzərdən keçirilib. Bu barədə məlumat verən MŞ idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, plana konfransların, müxtəlif qurumlarla birgə toplantıların, jurnalistlər arasında “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişafı” mövzusunda fərdi yazı müsabiqəsinin təşkili və sair məsələlər daxildir.

İdarə heyətinin üzvləri planla bağlı fikir və təkliflərini bildiriblər. Heydər Əliyevin media ilə bağlı təmaslarına dair kitabın nəşrinin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə birgə həyata keçirilməsinə dair təklif dəstəklənib. Tədbirlər planının “Heydər Əliyev İli” çərçivəsində MŞ-nin görəcəyi işlərin sistemləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.