AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyası üzrə növbəti kitab – “Süleyman Təkinər. Seçilmiş əsərləri” işıq üzü görüb.

Silsilənin VI cildi olan kitabın tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlıdır.

Azərbaycan siyasi mühacirətinin İkinci Dünya müharibəsindən sonrakı dalğasının görkəmli nümayəndəsi olan Süleyman Təkinərin (Süleyman Məmmədəli oğlu Məmmədov; 1917-2006) ədəbi-elmi irsindən seçmələr kitab halında ilk dəfə nəşr edilir. İnstitutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsində ilk mənbələr əsasında çapa hazırlanan nəşrdə mühacir yazarın məqalələri, məktubları və müsahibəsi yer alıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitab “Ədəbi proses”, “Azərbaycan mühacirəti”, “Məktublar”, “Müsahibə”, “Lüğət” və “Qeydlər” bölmələrindən ibarətdir.

Qeyd edək ki, “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının baş redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya elmləri doktoru Abid Tahirli, məsul katibi isə elmi işçi Aysel Əfəndiyevadır.