Ötən il Mədəniyyət Nazirliyinin layihəsi olaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ingilis dilində səhnələşdirilən "Anamın kitabı" tamaşası fevralın 2-də növbəti dəfə oynanılıb.

Tamaşanın budəfəki nümayişi Mədəniyyət Nazirliyinin “Gəncliyin səsi” festivalı çərçivəsində təqdim edilib.

Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesi əsasında yeni rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər.

Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan Ananın timsalında təqdim olunur. Ana  övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar...

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Səhnə plastikası və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.