Xəbər verdiyimiz kimi, Azərbaycan Gəncləri Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-8 fevral tarixlərində IX “Gəncliyin səsi” festivalı keçirilir.

Festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzrə çıxarılması və tanıdılması, sənət fəaliyyətinin təşviq edilməsidir.

Festival çərçivəsində fevralın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc bəstəkarların diplom işlərindən ibarət konsert keçirildi.

Tamaşaçılar arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər var idi.

Konsert proqramında dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və respublika və beynəlxalq müsabiqələr laureatı Tamilla Əhədova (piano) çıxış etdi.

Musiqi axşamında gənc bəstəkarlar – Aysel Əzizovanın “Əsgər məktubu” simfonik novellası, Tamilla Əhədovanın “Piano və orkestr üçün konsert” (3 hissədə), Vüsal Namazlının “Böyük simfonik orkestr üçün simfoniya” (3 hissədə) və Tofiq Rzayevin “Simfonietta” (3 hissədə) əsərləri səsləndirildi.

Bütün çıxışlar alqışlarla qarşılandı.

Nurəddin