Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis yazıçısı Redyard Kiplinqin məşhur qəhrəmanı Mauqli haqqında səhnə əsəri hazırlanıb. Fevralın 4-də tamaşanın premyerası keçirilib.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Redyard Kiplinq “Cəngəlliklərin kitabı”nın qəhrəmanı Mauqli haqqında dünyanın bir çox teatrlarında uşaq tamaşaları hazırlanıb, filmlər və cizgi filmləri ekranlaşdırılıb.

Tamaşada hadisələr Afrika qəbilələrinin yaxınlığındakı cəngəllikdə cərəyan edir. Şirxan adlı pələng qəbiləyə hücum edərək Mauqli adlı uşağın atasını parçalayır. Bahira adlı bəbir isə Mauqlini xilas edərək onu cəngəllikdəki canavarlara verir. Mauqli canavar kimi həyat tərzi sürməyə, yaşamağa məcbur olur. O, yaramazlara qarşı amansız, güclü və qorxmaz böyüyür. Mauqli ilə Şirxan arasındakı qırmızı od üzərindəki mübarizənin qələbəsi isə Mauqlinin özünü insan kimi hiss etməsinə səbəb olur.

Rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elnur Bəhramxan, aktyorlar Asya Atakişiyeva, Nurlan Süleymanlı, Aybəniz Heydərova, Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Elgün Yəhyayev, Gülbəniz Lətifova, Xəyalə Qasımova canlandırıblar.

Qeyd edək ki, tamaşanın premyerası çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “Askerov Art Studio”nun tərkibində rəssamlıq fəaliyyəti ilə məşğul olan uşaqların Mauqlinin həyat tərzini əks etdirən rəsmlərindən ibarət sərgi də açılıb.