Türkiyədə fevralın 6-da baş verən zəlzələdə çoxsaylı insan tələfatı ilə bağlı 7 günlük ümummilli matəm elan edilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında məlumat verib.

"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək”, – Türkiyə Prezidenti qeyd edib.

Fevralın 6-da Türkiyədə yerli vaxtla saat 4:20 radələrində episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan 7,4 bal gücündə baş verib. Yerli vaxtla saat 14:24-də episentri yenə Kahramanmaraş vilayətində (Elbistan rayonu) qeydə alınan 7,6 bal gücündə daha bir zəlzələ olub.

Təbii fəlakət Hatay, Qaziantep, Diyarbəkir, Adana, Elazığ və digər vilayətlərdə də çoxlu sayda dağıntı və tələfatla nəticələnib. Rəsmi məlumatlara görə, 3 mindən çox bina dağılıb. Fevralın 6-sı axşam saatlarınadək dağıntılar altından çıxarılan ölü sayı 1600-ü keçmişdi.