Daha iki təyyarə, o cümlədən mobil səhra hospitalı qardaş ölkəyə yola salınıb...

 

Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Azərbaycandan qardaş ölkəyə yardım göndərilməsi davam edir. Prezident İlham Əliyevin tapşırığı ilə fevralın 7-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət daha iki təyyarə qardaş ölkəyə yola salınıb.

Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib. 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə yola düşüb.

İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb.

Fevralın 6-da qardaş ölkəyə gedən Azərbaycan FHN-nin əməkdaşları isə zəlzələnin böyük dağıntılar törətdiyi Kahramanmaraş şəhərində xilasetmə əməliyyatlarına cəlb edilib. Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, zəlzələdən bir neçə saat sonra FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

***

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da fevralın 7-nə keçən gecə Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyindən bildirilib ki, iyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.