Bu gün xalqımızın cəsur oğullarından şəhid Milli Qəhrəman, gizir Mübariz İbrahimovun 35 yaşı tamam olur. 

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi təyinatlı bölüyündə xidmət keçib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət müxtəlif mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda gizir rütbəsində hərbi xidmətə başlayıb.

Mübariz İbrahimov Vətən torpağının işğalı ilə heç cürə barışa bilmirdi. Yağıdan intiqam almaq hissi ilə yaşayırdı. Təkrar orduda xidmətə qayıtması da bununla bağlı idi.

2010-cu il iyunun 19-na keçən gecə Mübariz İbrahimov Tərtərin Çaylı kəndi istiqamətində təxminən bir kilometrlik minalanmış sahəni keçərək işğalçı Ermənistan ordusunun çox sayda hərbçisini birinci həmlədə məhv edib. Düşmənlə bir neçə saat təkbaşına döyüşüb. Səhər saatlarında qeyri-bərabər döyüşdə misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixli sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Hazırda Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə şəhid qəhrəmanın adını daşıyır. 2021-ci ildə doğulduğu kənddə Mübariz İbrahimovun xatirə muzeyi yaradılıb.

Bu gün Mübariz İbrahimovun ruhu şaddır. Çünki onun da qəhrəmanlığından ilham alan igid oğullarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə qazandılar.