Fevralın 6-da Azərbaycan Mətbuat Şurasında Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbər şəxsləri ilə görüş keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, “Media haqqında” Qanundan irəli gələn vəzifələrin həlli, o cümlədən hazırda tətbiq edilən Media Reyestri cəmiyyətdə müzakirə olunur. Redaksiyaların hazırkı ştat vahidi reyestrə düşmək üçün qoyulan tələblərlə uyğun olmalıdır. Elə ştatlar var ki, onlar üzrə işə götürülmüş şəxs, faktiki olaraq, jurnalist fəaliyyəti yerinə yetirib, lakin hazırda bunun nəzərə alınması mümkün deyil.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsi Azərbaycan dövlətinin media sahəsində apardığı islahatlar proqramının tərkib hissəsidir. Media Reyestrində qoyulan tələblərin redaksiyalardakı mövcud ştat vahidinə uyğunlaşdırılmasına gəlincə, Ə.İsmayılov məsələnin, əslində, reyestrdən deyil, redaksiyaların ştat vahidlərinin əmək qanunvericiliyinə uyğunsuzluğundan qaynaqlandığını diqqətə çatdırıb. O, MEDİA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə problemi həll etdiyini vurğulayıb.

“Media haqqında” Qanundakı bütün anlayışların jurnalist fəaliyyətini əhatə etdiyini deyən Ə.İsmayılov bildirib ki, Media Reyestri müstəqil fikrin ifadəsinə heç bir məhdudiyyət tətbiq etmir, eyni zamanda “Media haqqında” Qanunun çərçivəsinə daxil olmayan hər hansı fəaliyyət sənədin təsir dairəsindən uzaqdır. İcraçı direktor üçillik fəaliyyət müddəti tələbini yalnız müəyyən peşəkarlığa malik jurnalistlərin reyestrə daxil edilməsinin prinsip kimi götürülməsi ilə əsaslandırıb.

MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, MŞ sədrinin müavini Səadət Məmmədova, şuranın İdarə Heyətinin üzvləri – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və başqaları çıxışlarında Media Reyestrinin tətbiqi ilə bağlı öz fikirlərini bölüşüblər.