Heydər Əliyev Fondunun təşəbbüsü və Xarici İşlər Nazirliyinin dəstəyi ilə gürcüstanlı professor Eldar Nadiradzenin tərtib etdiyi “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” albom-kitabının ispan dilində nəşrinin təqdimatı olub.

Mərasim martın 9-da İspaniya Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil edilib. Səfirlikdən verilən xəbərə görə, təqdimat İspaniya Milli Kitabxanasında “Mədəni irsin qorunmasında regional əməkdaşlıq” adlı beynəlxalq konfrans çərçivəsində gerçəkləşib.

Xatırladaq ki, bir qrup gürcü alimin iştirakı ilə hazırlanan nəşrdə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyalar zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan Qarabağ xanılığına aid 300-dən çox artefaktın fotoları yer alıb. Kitab indiyədək Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunmuşdu.

Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və İspaniya Milli Kitabxanasının mədəniyyət məsələləri üzrə müdiri Xavyer Orteqa Alvares kitabın ispanca nəşrinin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, kitabın ingilis, fransız dilləri ilə yanaşı ispan dilində də nəşri Qarabağ bölgəsində çoxəsrlik tarixə malik Azərbaycan mədəni irsi, tarixi kökləri haqqında Avropa ictimaiyyətində dolğun təsəvvürün formalaşmasında mühüm rol oynayacaq.

Konfransda Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov “Qarabağın Azərbaycan milli kimliyində rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə işğal dövründə Qarabağ bölgəsində Ermənistan tərəfindən Azərbaycan irsinin tamamilə məhv edildiyi, gürcü alimləri tərəfindən qorunmuş Qarabağ xanlığı irsinin bu bölgənin Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Gürcüstan Milli Muzeyinin direktoru, tanınmış arxeoloq, professor David Lordkipanidze Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağ bölgəsinin Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini deyib.

Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pommier Vinçelli çıxışında azad edilmiş Qarabağa səfəri zamanı Azərbaycan irsinin 30 illik erməni işğalı nəticəsində vəhşicəsinə dağıdıldığının şahidi olduğunu vurğulayıb, Azərbaycanın Qarabağda xristian irsi də daxil olmaqla bütün mədəni və tarixi irsə həssaslıqla yanaşdığını diqqətə çatdırıb.

Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı İspaniya Milli Kitabxanasına və beynəlxalq konfrans iştirakçılarına hədiyyə edilib.