XVI əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi və dövlət xadimi Yusif bəy Ustaclu-Çavuşlunun şeirlər toplusu Amerika Birləşmiş Ştatlarında çap olunub.

AMEA-dan bildirilib ki, şairin şeirləri Tehran Universiteti, Firdovsi Universiteti və Londonun Britaniya Muzeyi kitabxanasında saxlanılan əlyazmaları əsasında çapa hazırlanıb. Birinci Şah Təhmasib dövründə, 1571-1573-cü illərdə Təbriz valisi olmuş Yusif bəyin şeirlərində özbək şairi Əlişir Nəvai və Məhəmməd Füzulinin təsiri aydın surətdə görünməkdədir.

Kitabın tərtibçisi ədəbiyyatşünas Firuz Rifahi Ələmdari, ön sözün müəllifi və rəyçisi AMEA Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimovdur.

Qeyd edək ki, ötən il Paşa Kərimov Tehranda Firuz Rifahi Ələmdarinin yardımı ilə Y.Ustaclunun Tehran Universitetinin Mərkəzi Kitabxanasında saxlanılan anadilli “Divan”ının surətini əldə etmişdi. Nüsxədə 188 qəzəl, 1 məsnəvi və müxtəlif klassik janrlarda yazılmış şeirlər var.