Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi tədqiqat laboratoriyasının elmi işçisi, dissertant Nigar Bayramovanın “Qılman Salahov yaradıcılığında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı” mövzusunda elmi-nəzəri seminarı keçirilib.

Martın 16-da gerçəkləşən seminarda dahi Üzeyir bəyin sənət məktəbini keçmiş tanınmış bəstəkar, dirijor, kamança ifaçısı, pedaqoq, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Qılman Salahovun (1906-1974) ömür və sənət yolundan söhbət açılıb.

Nigar Bayramova qeyd edib ki, Q.Salahovun ansambla rəhbərlik etdiyi dövrdə kollektiv ümumittifaq festivallarında uğur qazanıb. Ansamblın üzvləri Əminə Dilbazi, Əlibaba Abdullayev, Roza Cəlilova, Böyükağa Məmmədov və başqaları yüksək fəxri adlara layiq görülüb, ansambl “Dövlət” statusu, “Əməkdar kollektiv” adını alıb.

Tədbirdə Q.Salahovun ansamblın repertuarının zənginləşməsi məqsədilə yazdığı “Qaval”, “Naz eləmə”, “Nəlbəki” rəqsləri BXA-nın tələbələri tərəfindən çox böyük məharətlə ifa olunub. Rəqs edən tələbələr arasında Q.Salahovun nəticəsi Aliyə Salahova “Qaval” rəqsini SSRİ Xalq artisti Əminə Dilbazidən sonra ilk dəfə olaraq ifa edib. Həmin rəqslərə BXA-nın Milli və müasir rəqs kafedrasının müdiri Xalq artisti Cəmilə Bayramova, akademiyanın orta ixtisas təhsil pilləsinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahir Eynullayev yeni quruluş veriblər.

Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, bu ali təhsil ocağında elmi tədqiqat laboratoriyasının müdiri dosent Nuridə İsmayılzadə, BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini m.i.e. dosent Həbibə Məmmədova, laboratoriyanın baş elmi işçisi, Xalq artisti, professor Ramiz Quliyev, BXA-nın Sənətşünaslıq kafedrasının müəllimi professor Rafiq Sadıqovun çıxışları dinlənilib.