Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli xanəndə, pedaqoq Canəli Əkbərovun (10.3.1940 – 22.10.2021) xatirəsi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yad edilib. Martın 17-də “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyi ilə birgə təşkil olunan tədbirdə milli muğam sənətinin görkəmli nümayəndəsinin həyat və yaradıcılığından söz açılıb. Sənətkarın musiqi mədəniyyətimizə və ifaçılıq sənətimizə mühüm töhfələr verdiyi vurğulanıb, ona həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş olunub.

Canəli Əkbərovun sənət dostları, musiqiçilər, ailə üzvləri xatirələrini bölüşüblər. Çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından xanəndənin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

Xatirə axşamında Canəli Əkbərovun yetirmələri olan xanəndələrin ifalarında musiqi proqramı təqdim edilib.