Naxçıvan Dövlət Universitetində (NDU) muxtar respublika ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbə və şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq festival-müsabiqəsi keçirilib.

Müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və NDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib.

Müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, xanəndə, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, tarzən Arslan Növrəsli yer alıb. İncəsənət ustaları bu məqsədlə Naxçıvan Dövlət Universitetində olublar.

Tədbirdən öncə qonaqlar Ümummilli liderin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra dahi siyasətçinin adını daşıyan muzeylə tanışlıq olub.

NDU-nun İncəsənət fakültəsində təşkil edilən açılış tədbirindən əvvəl qonaqlar rəsm sərgisinə baxıblar.

Dövlət himni səsləndirildikdən sonra universitetin rektoru dosent Elbrus İsayev qonaqları salamlayıb, muxtar respublikada ikinci dəfə təşkil olunan festival-müsabiqənin əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbir gəncləri vətənpərvər, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik zövqünü formalaşdırılması işinə kömək göstərmək məqsədi daşıyır.

Sonra gənclər musiqi və rəqs üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirdən sonra xanəndə Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, tarzən Arslan Növrəsli tələbələr üçün ustad dərsi keçib, onların suallarını cavablandırıblar.

Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında Bakı şəhərində keçiriləcək.