Mayın 2-də Qara Qarayevin Ev-Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.

Konsertdən öncə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözündə Ulu öndərin musiqi mədəniyyətimizin inkişafında rolu, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğısı haqqında danışıb.

Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Züleyxa Abdulla və onun istedadlı tələbələri – Ülkər Rüstəmli, Arzu İsmayılova, Nəzrin Bayramova və Şəms Əsgərovanın ifasında klassik musiqi əsərləri səsləndirilib.

İ.S.Bax, F.Şopen, F.List, K.Debüssi, M.Balakirev, S.Raxmaninovun əsərlərinin ifa olunduğu musiqi axşamında həmçinin bəstəkar Xəyyam Mirzəzadənin “Ohne” fortepiano pyesi (sağ əllə ifa üçün) iyirmi illik aradan sonra ilk dəfə təqdim edilib.

Konsert proqramı alqışlarla qarşılanıb.