Mayın 8-də Bakıda Dövlət Turizm Agentliyi (DTA), UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) və ICOMOS Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq təlim proqramı işə başlayıb.

Açılış mərasimində çıxış edən DTA sədrinin müavini Azadə Hüseynova dünya irsi kimi tanınan ərazilərin mühafizəsi və idarə olunmasının xüsusi bacarıqlar tələb etdiyini qeyd edib. Bu baxımdan təlim proqramı dünya irsi obyektlərinin mühafizəsi sahəsində qarşılıqlı öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün mühüm imkan yaradır.

Azadə Hüseynova UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Şəki Xan sarayı və Şəkinin tarixi mərkəzinin DTA tərəfindən idarə olunması, qoruqdakı mədəni-tarixi abidələrin gələcək nəsillər üçün qorunması istiqamətində görülən işlərdən də bəhs edib.

Tədbirdə ICOMOS Prezidenti Teresa  Patrisionun görüş iştirakçılarına videomüraciəti təqdim olunub. Qeyd edilib ki, ilk dəfə olaraq ICOMOS təşkilatının dəvəti ilə dünyanın müxtəlif regionlarını əhatə edən 17 ölkədən olan ekspertlər, mədəni irs sahəsində mütəxəssislər Bakıya gəliblər.

Mayın 12-dək davam edəcək tədbir çərçivəsində Dünya İrs Konvensiyasının qayda və prosedurları, o cümlədən UNESCO-nun dünya irs ərazilərinin seçim meyarları, bu ərazilərin idarə olunmasına mənfi təsirlər və risklər barədə müzakirələr və təcrübə mübadiləsi aparılacaq.

Tədbirin praktiki hissəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil olan İçərişəhər qoruğunda, Şirvanşahlar Saray Kompleksində keçirilir.