Mayın 15-də AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransı açaraq Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində xüsusi rolundan, onun dövlət quruculuğu ilə yanaşı, elm, təhsil və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Akademik vurğulayıb ki, Heydər Əliyevin çoxşaxəli fəaliyyətində milli-mənəvi dəyərlərə, xalqın mədəni irsinə diqqət və qayğı hər zaman ön planda olub.

Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov bildirib ki, Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Azərbaycanın tərəqqisi üçün çalışıb, xalqın maddi və qeyri-maddi mədəniyyətinin qorunub saxlanılması, təbliği və inkişaf etdirilməsi sahəsində əvəzsiz xidmətlər göstərib.

Millət vəkili, Folklor İnstitutu Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli “Heydər Əliyev və Qərbi Azərbaycan folkloru”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyev irsində xalq mədəniyyətinə münasibətin fəlsəfəsi”, AMEA Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru Sərxan Xavəri “Heydər Əliyevin dövlət quruculuğu siyasətində milli cəmiyyətin inkişafı konsepsiyası və humanitar məsələlər”, Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlil “Heydər Əliyev və mərasim mədəniyyəti”, Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Atakişiyeva “Heydər Əliyevin mədəniyyət kursunda xalq musiqisi məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.

Açılış mərasimindən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmələrdə Heydər Əliyevin elm, xalq mədəniyyətinin inkişafı sahəsindəki fəaliyyətini əks etdirən məruzələr dinlənilib.