Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki nümayəndəlik ofisi və Karoli Qaspar Universitetinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Şuşanın tək incisi” sənədli-bədii filmi nümayiş etdirilib.

Nümayişdən əvvəl TDT-nin nümayəndəlik ofisinin rəhbəri Janos Hovari, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış ediblər.

Çıxışlarda Natəvanın sonuncu Qarabağ xanının qızı, şairə, rəssam, xeyriyyəçi kimi Azərbaycan tarixi və mədəni irsində yerindən söz açılıb. 1982-ci ildə Şuşada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Natəvanın büstünün açıldığı qeyd edilib. Şairənin Ermənistanın işğalı zamanı güllələnmiş büstünün 2020-ci ildə Şuşanın azad olunmasından sonra öz yerinə qaytarıldığı və şəhərin yenidən dirçəlməsinin simvoluna çevrildiyi diqqətə çatdırılıb. 2022-ci ildə 190 illiyi dövlət səviyyəsində qeyd edilən Natəvanın Ağdamda erməni işğalı zamanı dağıdılmış qəbirüstü abidəsinin də yenidən hazırlanaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açıldığı bildirilib.

Çıxışlardan sonra “Şuşanın tək incisi” filmi təqdim olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə hazırlanan filmin ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır. Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında – Şuşada ermənilər tərəfindən dağıdılan evində aparılıb.

Filmdən sonra Türkdilli dövlətlərin gənclərindən ibarət ansambl öz xalqlarına məxsus olan milli mahnıları, o cümlədən Azərbaycan mahnılarını ifa ediblər.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan diplomatik nümayəndəliklərinin rəhbərləri, yerli elm, mədəniyyət, media nümayəndələri, Azərbaycan diasporunun üzvləri və türkdilli dövlətlərdən tələbələr iştirak ediblər.

Qeyd edək ki, filmin premyerası 2022-ci ilin dekabrında Bursada (Türkiyə) keçirilən “Şuşa Günləri”ndə olub.