Azərbaycan

 

9 iyun 1930 – Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 – 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri” və s. populyar mahnıların müəllifidir.

9 iyun 1960 – Tanınmış rəssam Ucal Həsən oğlu Haqverdiyev (1960-2004) Bakıda anadan olub. Əsərləri Fransa, Avstriya, Almaniya, Türkiyə və s. ölkələrdə sərgilənib.

9 iyun 1984 – Naxçıvanda böyük şair-dramaturq Hüseyn Cavidin Ev-Muzeyi açılıb.

9 iyun 1989 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915 – 1989) vəfat edib. “Arşın mal alan” (1945), “Bəxtiyar” (1955) filmlərində baş rollara çəkilib. Mahnı Teatrını yaradıb.

9 iyun 2002 – Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin (heykəltaraş – Əməkdar rəssam Görüş Babayev) açılışı keçirilib. Mərasimdə Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak ediblər.

9 iyun 2021 – Xalq artisti, aktyor, kinorejissor Ramiz Hacıağa oğlu Əzizbəyli (20.7.1948 – 2021) vəfat edib.

 

10 iyun 1904 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 – 27.12.1975) anadan olub. Elmi tədqiqatlarla yanaşı, şeir və hekayələrin də müəllifidir.

10 iyun 1910 – Əməkdar artist Anatoli Semyonoviç Urvantsev (1910-1971) anadan olub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.   

10 iyun 1933 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (1933 – 28.11.2009) Naxçıvan MR Şahbuz rayonunda anadan olub. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.

10 iyun 1938 – Şair, tərcüməçi Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev; 1938 – 7.1.2022) Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub.

10 iyun 1982 – Bakıda Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün Xatirə Muzeyi açılıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

10 iyun 1983 – Xalq artisti, bəstəkar, dirijor, pedaqoq Səid Əli oğlu Rüstəmov (12.5.1912 – 1983) vəfat edib. “Beşmanatlıq gəlin”, “Durna” və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri olub.

10 iyun 1989 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12.3.1906 – 1989) vəfat edib. Kitabları: “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s.

 

11 iyun 1892 – Xalq artisti, opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892 – 15.6.1968) Omskda (Rusiya) anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

11 iyun 1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 – 2.11.1988) Bakıda doğulub. 1938-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb, xarakterik obrazların parlaq ifaçısı olub. “Almaz”, “Onu bağışlamaq olarmı?”, “İnsan məskən salır” filmlərində çəkilib.

11 iyun 1923 – Əməkdar rəssam Mahmud Əzizağa oğlu Tağıyev (1923-2001) Bakıda anadan olub. Sovet tikililərini təsvir edən tabloların, portret janrında (“Dədə Qorqud”, “Səməd Vurğun”) əsərlərin müəllifidir.

11 iyun 1998 – Prezident Heydər Əliyev görkəmli şair Mikayıl Müşfiqin  90 illik yubileyi haqqında sərəncam imzalayıb.

11 iyun 2007 – Prezident İlham Əliyev “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” sərəncam imzalayıb.

11 iyun 2020 – Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev (10.4.1939 – 2020) vəfat edib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

 

12 iyun 1928 – Xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (Muğanna; 1928 – 1.4.2014) Qazax rayonunun Muğanlı kəndində (hazırda Ağstafa rayonu) doğulub. Tarixi və fəlsəfi romanları (“Məhşər”, “Yanar ürək”, “İdeal” və s.) yazıçıya böyük şöhrət gətirib. “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

12 iyun 1932 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (1932 – 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Çəkildiyi filmlər: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər” və s.

12 iyun 1977 – Əməkdar artist Məmmədkəbir Hacı oğlu Kərimov (1906-1977) vəfat edib. Şəki Dövlət Dram Teatrının aktyoru olub.

 

13 iyun 1927 – Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927 – 30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində çəkilib.

13 iyun 1944 – Əməkdar artist, tanınmış arfa ifaçısı Çiçək Məmmədhüseyn qızı Rzayeva (1944 – 15.9.2021) Bakıda doğulub. 50 ildən çox Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub.

13 iyun 1993 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əli oğlu Əlili (7.11.1898 – 1993) vəfat edib. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” filmlərində çəkilib.

13 iyun 2000 – Prezident Heydər Əliyev dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin 800 illiyi haqqında fərman imzalayıb.

 

Dünya

 

9 iyun 1870 - Görkəmli ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812-1870) vəfat edib. Əsərləri: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” və s.

9 iyun 1891 – Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter; 1891-1964) anadan olub.

 

10 iyun 1819 – Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet; 1819-1877) anadan olub.

10 iyun 1915 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow; 1915-2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.

10 iyun 1929 – Rus müğənnisi, SSRİ-nin, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.

10 iyun 2008 – Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.

 

11 iyun 1864 – Alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss; 1864-1949) anadan olub.

11 iyun 1899 – Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub. “Dağın naləsi”, “Köhnə paytaxt” romanlarının müəllifidir.

11 iyun 1910 – Fransız dəniz səyyahı, fotoqraf, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910-1997) anadan olub.

 

12 iyun 1921 – İspan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921-2010) anadan olub. Satirik kinonun görkəmli nümunələri olan “Xoş gəlmisiniz, cənab Marşal”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib.

 

13 iyun 1865 – İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Vilyam Yits (William Butler Yeats; 1865-1939) anadan olub.

Hazırladı: V.Orxan