Azərbaycan

 

14 iyun 1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində çalışıb, repressiya olunub.

14 iyun 1902 – İlk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova (1902 – 22.4.1980) Bakıda anadan olub. Görkəmli mədəniyyət xadimlərinin  (Ü.Hacıbəyli, Ə.Əzimzadə), hərbçi və əmək qəhrəmanlarının heykəl və büstlərini yaradıb.

14 iyun 1926 – Xalq artisti, tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 – 15.8.1994) anadan olub. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən kollektivin bədii rəhbəri olub.

14 iyun 1965 – Azərbaycan SSR Nazirlər Soveti Bakı şəhərində Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) vaxtilə yaşadığı evdə xatirə muzeyinin yaradılması barədə qərar qəbul edib. Muzey 1968-ci ildə fəaliyyətə başlayıb.

14 iyun 1998 – Prezident Heydər Əliyev görkəmli səhnə ustası və pedaqoq, SSRİ Xalq artisti Mehdi Məmmədovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

15 iyun 1918 – Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 – 7.4. 2005) Dərbənddə doğulub. “Bir dəqiqə” operettasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum” və s.) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

15 iyun 1920 – Xalq Maarif Komissarlığının tərkibində Muzey-ekskursiya yarımşöbəsi və onun nəzdində “Doğma diyarın tədris muzeyi” yaradılıb. Muzeyin bazasını 1919-cu ildə yaradılmış “İstiqlal” muzeyinin materialları təşkil edirdi. 1920-ci ilin oktyabrında muzey “Azərbaycan Dövlət Muzeyi” (indiki Milli Azərbaycan Tarixi Muzeyi) adlandırıldı.

15 iyun 1924 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 1924 – 14.9.1992) Qazax rayonunda doğulub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.

15 iyun 1933 – Şair Zülfüqar Qodmanlı (Zülfüqar Mənsur oğlu Əliyev; 1933-1998) Masallı rayonunun Qodman kəndində anadan olub.

15 iyun 1934 – Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaməhmədli kəndində doğulub.

15 iyun 1945 – Xalq artisti Amaliya Əliş qızı Pənahova (1945 – 8.11.2018) Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

 

16 iyun 1888 – Xalq artisti, teatr xadimi Hacıağa Mütəllib oğlu Abbasov (1888 – 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, daha sonra Akademik Dram Teatrına (1927-1929), Bakı Teatr Texnikumuna (1929-1937) rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir.

16 iyun 1932 – Xalq artisti, tanınmış aktyor, televiziya rejissoru Tofiq İbrahim oğlu Mirzəyev Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Ən vacib müsahibə” və s. filmlərdə çəkilib. Hazırda İsraildə yaşayır.

16 iyun 1939 – Şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 – 7.1.1999) anadan olub. “Çağlayan”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.

 

Dünya

 

14 iyun 1811 – Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.

14 iyun 1835 – Yəhudi əsilli pianoçu və dirijor, pedaqoq Nikolay Qriqoryeviç Rubinşteyn (1835-1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.

14 iyun 1933 — Rus kinorejissoru, ssenarist Vladimir Krasnopolski (1933 – 23.9.2022)  “Kölgələr günorta yox olur”, “Əbədi çağırış” kimi məşhur teleseriallara (hər ikisi A.İvanovun əsərləri əsasında) quruluş verib.

 

15 iyun 1843 – Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitası, 600-dən çox mahnı və romansın müəllifidir.

15 iyun 1946 – Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos; 1946 – 25.1.2015) Misirin İsgəndəriyyə şəhərində doğulub.

 

16 iyun 1313 – İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Povest və hekayələr toplusu olan “Dekameron” əsərinin müəllifidir.

16 iyun 1754 – Başqırd şairi Salavat Yulayev (1754-1800) anadan olub. Ədəbi yaradıcılığı ilə yanaşı, rus üsyançısı Yemelyan Puqaçovun silahdaşı kimi tarixə düşüb.

16 iyun 1937 – Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub.

Hazırladı: V.Orxan