Azərbaycan

 

17 iyun 1926 – Xalq rəssamı Elbəy Həsən oğlu Rzaquliyev (1926 – 15.9.2007) anadan olub. Əsərləri bir sıra xarici ölkələrdə sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

17 iyun 1937 – Azərbaycan K(b)P MK Gəncə Dram Teatrı üçün bina tikilməsi ilə bağlı qərar qəbul edib. Teatr 1933-cü ildə Bakıdan Gəncəyə köçürülən Türk İşçi Teatrının bazasında yaradılmışdı.

17 iyun 2020 – Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov (1.5.1941 – 2020) vəfat edib. 20-dən çox filmin (“Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s.) quruluşçu rəssamı olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyib.

 

18 iyun 1917 – Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Əhməd Cövdət İsmayıl oğlu Hacıyev (1917 – 18.1.1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, səkkiz  simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib. Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

18 iyun 1936 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Fəhlə Uşaq Teatrı Gənc Tamaşaçılar Teatrı adlandırılıb. Teatrın rus bölməsi 1928-ci ilin 5 oktyabrında yaradılmış, Azərbaycan bölməsi 1930-cu ilin 30 yanvarında fəaliyyətə başlamışdı.

18 iyun 2001 – Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, bütün rəsmi yazışma və sənədləşmələr latın qrafikasında aparılmağa başlanıb.

18 iyun 2002 – Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin açılış mərasimi keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.

18 iyun 2010 – Əməkdar incəsənət xadimi, qoboy ifaçısı, pedaqoq Azər Canbaxış oğlu Abdullayev (25.2.1929 – 2010) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) Nəfəs və zərb alətləri kafedrasının müdiri olub.

 

19 iyun 1900 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 – 11.2.1981) Tiflisdə doğulub. Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildə Bakıya gələrək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.

19 iyun 1924 – Tanınmış ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev (1924-2011) Astara rayonunun Ərçivan kəndində anadan olub.

19 iyun 1933 – Əməkdar memar Avrora Əbdüləziz qızı Salamova (1933-1986) anadan olub.

19 iyun 1934 – Azərbaycan SSR Xalq Komissarları Soveti 15 cildlik “Azərbaycan Ensiklopediyasının nəşri haqqında” qərar qəbul edib. Lakin bu qərar həyata keçmədi. 70-80-ci illərdə 10 cildlik Azərbaycan Ensiklopediyası nəşr edildi.

19 iyun 1968 – Əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Vidadi oğlu Əliyev (1968 – 22.3.2023) İrəvan şəhərində anadan olub.

19 iyun 1978 – Əməkdar artist İbrahim Məcnun oğlu Qaradağlı (1907-1978) vəfat edib. Ağdaş teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.

 

20 iyun 1898 – Xalq artisti Əli Mirzə oğlu Qurbanov (1898 – 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə burada başlayıb, 1925-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

20 iyun 1912 – Dramaturq, tərcüməçi Cabbar Hüseyn oğlu Məcnunbəyov (1912-1967) İrəvanda doğulub. “İliç buxtası”, “İldırım” və s. pyesləri tamaşaya qoyulub. 

20 iyun 1914 – Əməkdar mədəniyyət işçisi, aşıq Əmrah Paşa oğlu Gülməmmədov (1914-1987) Marneuli rayonunun Araplı kəndində doğulub.

20 iyun 1915 – Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov (1915 – 10.12.1998) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında çalışıb. “Bizim Cəbiş müəllim”, “Bəxtiyar”, “Babamızın babasının babası” və s. filmlərdə çəkilib.

20 iyun 1921 – Bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 - 25.3.1992) Bakının Balaxanı kəndində doğulub. “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, “Azad”, “Xanəndənin taleyi” operalarının, mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərinə musiqi yazıb.

20 iyun 1921 – Əməkdar artist, tanınmış tarzən, pedaqoq  Firidun Yusif oğlu Ələkbərov (1921 – 9.11.2021) Gəncədə anadan olub.

20 iyun 1924 – Biblioqraf, ədəbiyyatşünas, Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, professor Nazim Fərrux oğlu Axundov (1924-1994) Şuşa şəhərində anadan olub.

20 iyun 2018 – “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” ilinin təntənəli açılış mərasimi keçirilib. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ildə Bakıda keçirilmiş 6-cı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdu.

 

Dünya

 

17 iyun 1818 – Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod; 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.

17 iyun 1882 – Rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu” baletlərinin, “Bülbül” operasının müəllifidir.

 

18 iyun 1936 – Rus-sovet yazıçısı Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3.1868 – 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (romanlar); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyeslər) və s.

 

19 iyun 1623 – Fransız filosofu, riyaziyyatçı Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.

19 iyun 1920 – Fransız kinorejissoru İv Robber (Yves Robert; 1920-2002) anadan olub. Filmləri: “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s.

19 iyun 1924 – Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov”, “Sübhədək yaşamalı” və s. Əsərləri əsasında filmlər çəkilib.

 

20 iyun 1819 – Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach; 1819-1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.

20 iyun 1932 – Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub”, “210 addım” poemaları və s.

20 iyun 1933 — Amerika aktyoru, ssenarist Danni Ayello (Danny Aiello; 1933 – 12.12.2019) anadan olub. “Bir dəfə Amerikada”, “Qahirənin al qızılgülü”, “Leon” və s. filmlərdə çəkilib.

Hazırladı: V.Orxan