Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AMEA Gəncə bölməsi və Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə Xalq şairi Nigar Rəfibəylinin (1913-1981) 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Şairənin abidəsi önündə təşkil olunan tədbirdə  AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova Nigar Rəfibəylinin poetik dünyasından bəhs edib.

AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev şairənin nəsil şəcərəsi, Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri olmuş Xudadat bəy Rəfibəylinin fəaliyyəti haqqında danışıb.

Gəncə RMİ-nin rəisi vəzifəsini icra edən Süleyman Əliyev şairənin mənəvi dünyasından, Azərbaycan ədəbiyyatında Rəsul Rza və Nigar Rəfibəylinin yerindən, onların yolunun övladı – Xalq yazıçısı Anar, eləcə də nəvələri tərəfindən davam etdirilməsindən söz açıb.

Tədbirdə Nigar Rəfibəylinin sözlərinə yazılmış “Alagözlüm”, “Aman ayrılıq” və “Dağları duman alanda” mahnıları səsləndirilib.