Olaylar, faktlar (11–13 iyul)

 

11 iyul Dünya Əhali Günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.

 

299 il əvvəl...

 

12 iyul 1724-cü ildə Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü ilin 12 sentyabrında bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı dövləti də bu bölgünü qəbul edib. Eyni zamanda müqaviləyə görə, Rusiya Xəzəryanı bölgələr istisna olmaqla Şimali Azərbaycanın qalan hissəsini Osmanlının nəzarətinə keçməsinə razılaşıb. Şirvan Osmanlının himayəsi altında xanlıq statusu alıb.

 

102 il əvvəl...

 

11 iyul 1921-ci ildə Monqolustan dövlət müstəqilliyini elan edib. Bolşevik Rusiyasının hərbi köməyi ilə Çin hökmranlığına qarşı başlanan inqilab qələbə ilə nəticələnib, Monqolustanda xalq hakimiyyəti bərqərar olub. 1924-cü ildə Monqolustan Xalq Respublikasının yarandığı elan edildi. Qədim dövlətçilik tarixi olan Monqolustan XVII  əsrdə Çinin nəzarəti altına keçmişdi.

 

70 il əvvəl...

 

12 iyul 1953-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı Şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırov Azərbaycan KP MK-nın I katibi vəzifəsindən azad edilib. M.Bağırov 1933-cü ildən Azərbaycana rəhbərlik etmişdi. 1956-cı ilin aprelində Bağırov hakimiyyətdəki yaxın ətrafı ilə birlikdə mühakimə olundu, həmin ilin mayında SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə güllələndi.

 

33 il əvvəl...

 

11 iyul 1990-cı ildə erməni təxribat dəstəsi Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdıqdan sonra dinc insanları gülləbaran edib. Terror aktı nəticəsində 14 azərbaycanlı öldürülüb, 35 nəfər yaralanıb.

 

30 il əvvəl...

 

12 iyul 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın  Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır.

 

28 il əvvəl...

 

12 iyul 1995-ci ildə keçmiş Yuqoslaviyanın süqutu nəticəsində meydana gələn müharibə gedişində Bosniyanın Srebrenitsa şəhərində müsəlman əhaliyə qarşı soyqırımı başlanıb. General Ratko Mladiçin başçılıq etdiyi serb qoşunları bir həftə ərzində Srebrenitsa şəhərində 16 yaşdan yuxarı kişi əhalini – 8 mindən çox insanı qətlə yetirib. Qırğın bölgədəki BMT “sülhməramlı” kontingentinin gözü qarşısında baş verib.

 

17 il əvvəl...

 

13 iyul 2006-cı ildə Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri başda olmaqla 30-dək ölkənin nümayəndə heyəti iştirak etmişdi. İnşası 2002-ci ildə başlanan kəmərin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəqletmə gücü 1 milyon barreldir.

Hazırladı: V.Orxan