“Bakılı oğlanlar” Ulu öndərin mədəniyyətimizə diqqət və qayğısından söz açıblar

 

YARAT Müasir İncəsənət Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadə ilə görüş keçirilib. Görüş ictimai birliyin “MədəniyyətimİZ” layihəsi çərçivəsində gerçəkləşib.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş layihənin qonaqları Ulu öndər haqqında xatirələrini bölüşür, onun mədəniyyətimizə diqqət və qayğısından söz açırlar.

Layihənin koordinatoru Riad Cəbrayılov ötən müddətdə mədəniyyət xadimləri ilə bu qəbildən bir çox görüşlər keçirdiklərini deyib.

“Planet Parni İz Baku” KVN teatrının bədii rəhbəri Əməkdar artist Tahir İmanov Ulu öndər Heydər Əliyevin hər zaman mədəniyyət xadimləri, həmçinin KVN teatrının kollektivi ilə səmimi görüşlər keçirərək, onların fəaliyyətini daim diqqət mərkəzində saxladığını qeyd edib. Bildirib ki, “Bakılı oğlanlar”ın qazandığı uğurların təməlində həmişəyaşar liderin onlara göstərdiyi qayğı və dəstək dayanır.

Əməkdar artist Bəhram Bağırzadə qeyd edib ki, Ümummilli lider Heydər Əliyev cəmiyyətin mövcud nöqsanlarının satirik dildə ifadə olunmasının ən böyük dəstəkçisi idi. Hazırda milli yumor sənətinin inkişafında mövcud problemlərin həlli mühüm istiqamətlərdən biridir və gənclər bu yöndə təşəbbüskar olmalı, kreativ və yenilikçi ideyalar irəli sürməlidir.

Görüş zamanı “Planet Parni İz Baku” KVN teatrının tamaşa və filmlərindən fraqmentlər nümayiş etdirilib. “Sağlam milli yumorun inkişafında Heydər Əliyev amili” və “Teatral satiranın günümüzdə rolu” mövzularında müzakirələr aparılıb.

Görüşün bədii hissəsində “Avroviziya-2022” mahnı müsabiqəsinin ölkə təmsilçisi Nadir Rüstəmli, gənc müğənni Yusif İsmayılov və “Jafarlinsky Band”in ifasında musiqi nümunələri təqdim olunub.