1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bölgələrdə müxtəlif səpkili tədbirlər təşkil edilib.

Qubadlı rayon V.Əliyev adına Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evi rayon İcra Hakimiyyəti ilə birgə dəyirmi masa keçiriblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində Ümummilli lider Heydər Əliyevin tarixi rolu olub. Heydər Əliyevin imzaladığı fərmana əsasən, 2001-ci il avqustun 1-də ölkə ərazisində bütün idarə və təşkilatlar, Azərbaycan dilində nəşrlər latın qrafikalı əlifbaya keçib. Ümummilli liderin müvafiq fərmanı ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Laçın Dövlət Rəsm Qalereyasında keçirilən tədbirdə ana dilimizin zənginliyindən danışılıb. Bildirilib ki, ən böyük mənəvi sərvətimiz olan ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

***

E.Hüseynov adına Qazax rayon Mərkəzi Kitabxanası “Heydər Əliyev: inkişaf etmiş dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir!” adlı tədbir keçirib. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı sayəsində zəngin mənəvi sərvətimiz olan dilimizin saflığının qorunması, inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

***

Beyləqan rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına hər zaman böyük qayğı ilə yanaşmasından danışıblar. Məktəblilər ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.

***

Şəki şəhər Heydər Əliyev Mərkəzində şəhər MKS ilə birgə “Ulu öndər Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib. Bildirilib ki, Ulu öndər Azərbaycan dilini dərindən sevib, bu dildə danışması ilə fəxr edib. Daha sonra “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub.

Balakən rayon Məlikzadə kənd kitabxanası və Hənifə kənd Sənətkarlıq klubunun birgə təşkilatçılığı ilə “Bu dil şirinlikdə şərbət kimidir” başlığı altında tədbir keçirilib. Azərbaycan dili və əlifbasının yaranması tarixindən danışılıb, uşaqlar dil haqqında şeirlər səsləndiriblər.

Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin dilimizə olan böyük sevgisi” adlı tədbir təşkil edilib. Çıxışlarda Ulu öndərin Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atdığı və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzaladığı qeyd edilib.

***

Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Mənim ana dilim – keçmişim, ululuğum” başlığı altında tədbir təşkil edib. Bildirilib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

***

Hacıqabul Rayon İcra Hakimiyyəti, rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ana dilimizin zənginliyindən, saflığından, Ümummilli lider Heydər Əliyevin dilimizə sonsuz məhəbbətindən və qayğısından danışılıb. Sonda videoçarx nümayiş olunub.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Əsrlərin yadigarı ana dilim” adlı tədbir keçirilib. Qeyd olunub ki, dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı bu sahədə dövlət siyasətinin nəticəsidir.

***

Astara Dövlət Rəsm Qalereyası rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və YAP rayon təşkilatı ilə birgə “Ana dili hər bir xalqın milli kimliyidir” adlı tədbir keçirib. Azərbaycan dilinin kənar təsirlərdən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışılıb. Sonda qonaqlar Astara Dövlət Rəsm Qalereyası dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Cəlilabad rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə ana dilimizin zənginliyindən, Ulu öndərin bu sahəyə qayğısından söz açılıb.

Lerik rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə bildirilib ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, eləcə də dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.

Nurəddin Məmmədli